“Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Yeni Klinikada ürək transplantasiyası, beyin ölümü və orqan donorluğu mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru, həkim-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova tədbirin əhəmiyyətindən bəhs edərək ürək transplantasiyası və orqan donorluğu sahəsində maarifləndirmənin, eləcə də tibbi mütəxəssislərin bilik və təcrübəsinin artırılmasının vacibliyini vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova açılış nitqində beyin ölümü diaqnozunun müəyyənləşdirilməsinin tibbi, hüquqi və klinik əsaslarından, bu prosesdə beynəlxalq standartların və təsdiq edilmiş protokolların tətbiqindən bəhs edib.
Mərkəz sədri beyin zədələnməsinə səbəb olan amillər, kəllədaxili təzyiqin yüksəlməsi, beyin yırtıqlanması, beyin ölümü diaqnozunun qoyulması üçün ilkin şərtlər və zəruri müşahidə müddətləri barədə ətraflı məlumat verib.
Təqdimat zamanı həmçinin reanimasiya tədbirlərinin dayandırılması meyarları, beyin ölümünün təsdiqlənməsi proseduru və bu prosesin orqan donorluğu ilə əlaqəsi diqqətə çatdırılıb.
Yeganə Abbasova vurğulayıb ki, beyin ölümünün dəqiq, obyektiv və müəyyən edilmiş tibbi meyarlar əsasında təsdiqlənməsi həm tibbi praktika, həm də orqan donorluğu prosesinin düzgün təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir tibb mütəxəssislərinin bilik və təcrübələrinin artırılması, eləcə də beyin ölümü və orqan donorluğu sahəsində vahid yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətli olub.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev “Ürək transplantasiyası həftəsi”nin Azərbaycanda və Qafqaz regionunda ilk ürək transplantasiyasının birinci ildönümü münasibətilə təşkil olunduğunu diqqətə çatdırıb.
Professor ürək transplantasiyası proqramının davamlı inkişafında donor orqanlarının təminatının və beyin ölümü diaqnozunun vaxtında, düzgün müəyyənləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. K.Musayev gənc həkimləri və tibb işçilərini orqan donorluğunun təşviqi və cəmiyyətdə donor mədəniyyətinin formalaşdırılması istiqamətində fəal iştirak etməyə səsləyib.
Tədbir çərçivəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini, həkim- reanimatoloq Günay Abbasova da çıxış edib.
O, ölkəmizdə orqan donorluğu və transplantasiyası sahəsində görülən işlər, donor olmaq qaydaları, transplantasiya prosesinin mərhələləri və cəmiyyətdə mövcud olan yanlış təsəvvürlər barədə ətraflı məlumat verib.
Çıxış zamanı ölümündən sonra donor olmaq istəyən şəxslərin sağlığında öz iradələrini rəsmi şəkildə bildirmələrinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, ölümündən sonra könüllü donor olmaq istəyənlərin sayı 2022-ci ilin sonunda 50 nəfər olduğu halda, hazırda 1800-ə yaxınlaşıb. Vətəndaşların bu məqsədlə odtkm.gov.az saytı vasitəsilə müraciət edərək öz qərarlarını rəsmiləşdirə biləcəkləri də diqqətə çatdırılıb.
Tədbirin ikinci hissəsində professor Kamran Musayev və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Ramil Əliyevin rəhbərliyi ilə gənc həkimlər və rezidentlər üçün heyvan ürəkləri üzərində praktiki transplantasiya kursu təşkil olunub. Kurs çərçivəsində mütəxəssislər ürək transplantasiyası sahəsində bilik və təcrübələrini gənc həmkarları ilə bölüşüb, praktiki məşğələlər zamanı müasir cərrahi üsul və yanaşmaları nümayiş etdiriblər.
Tədbirdə beyin ölümü, orqan donorluğu və transplantasiya sahəsinə dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Məruzələrdə tibbi biliklərin təkmilləşdirilməsi, müasir tibbi yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.